Dərdi yük eləmə
Mehman Göytəpəliyə həsr olunur
Kiminə avtomobil çarpır,
kimini ildırım vurur,
kimini də hansısa bir vələd…
Mənisə dərd vurub, dərd…
O dərd namərd…
Dərdi yük eləmə özünə, şair!
Dərd də səni görüb yaxandan keçir.
Elə mindirmisən qəmi urvata,
Sevinc qəmli — qəmli yaxından keçir!
Yol çəkən gözlərin gözləyir kimi?
Yorğun baxışların izləyir kimi?
Dilin susa — susa gizləyir kimi?
Dünyanın soyuğu yuxundan keçir.
Hikməti olsa da naşı dünyanın,
Canına od düşsün yaxşı dünyanın…
Güləndə pozulur naxışı dünyanın,
Elə bil varından — yoxundan keçir.

Şair Mehman Göytəpəli