ÇİNGİZ KÜRDƏMİRLİYƏ
Çingiz Kürdəmirli
Oxudum bir qəliz qıfılbəndini,
Gözümün önünə gəldi kainat.
Xəyalım dolandı səyyarələri,
Axtardım, tapmadım, — oldum narahat.
Yeridim dayazda, üzdüm dərində,
Dolandım yam — yaşıl meşələrində,
Yedim neçə dürlü meyvələrin də,
Qalmadı ağızda, dildə isdahat.
Neçə alimlərin açdım kitabın,
Oxudum, saf — çürük etdim hesabın,
Xəbərin, sifətin, felin, xitabın,
Birində yox idi ona işarat.
Yeddi dəniz keçdim, yeddi dağ aşdım,
Keşişin, mollanın dalınca qaçdım…
Ruhlardan hikmətin sirrin soruşdum,
Hamı bir ağızdan dedi, — «Beşə at»
Dərdimi söylədim farsa, firəngə,
Türk dedi, — Arkadaş, pozuldu dengə…
Rus güldü o qədər, lap gəldim təngə,
Dedi, — Klyanus, ya ne znayu, brat.
Hazarat, tutaq ki, elmim dayazdı,
Bəs yazan bildimi özü nə yazdı?
Məncə, o nədirsə, yekə bir pazdı,
Əlində gicələk qalıb camaat.
Ay Vahid, bəs edər, gəzdin bu qədər,
Qoy səni üzməsin qəm, qüssə, kədər…
Çingiz qardaşımız, özü şərh edər,
Bizim də başımız qalar salamat!