Həyatın sirli yollarında, qaranlıq döngələrin o biri tərəfində yolçunu nələr gözləyir, kim bilər! Əsər iki gəncin faciəli hyatından, bu faciyə qarşısında son ümüd tək, səfərbər olunmuş gözəl məhəbbətin apardığı mübarizədən danışır.
Приведённый ознакомительный фрагмент книги Qəm yağışı предоставлен нашим книжным партнёром — компанией ЛитРес.
Купить и скачать полную версию книги в форматах FB2, ePub, MOBI, TXT, HTML, RTF и других
1-ci povest: Məhəbbətin gözü kor deyil
Dumanla doldurub dünya üzünü,
Yatırtdım eşq ilə ağlın gözünü.
Mən sizə sevginin gücünün nəyə qadir olduğundan danışmaq istəyirəm. Hansımız fəxr etməmişik gənclik sevgimizlə? Hansımızın qəlbimizə dolmayıb məhəbbətin gözəgörünməz, şirin-şəkər dalğaları?
Sevmək Yaradanın bizə bəxş etdiyi və dəyəri heç nəylə ölçülə bilməyən dahi bacarıqdır. Qarşılıqlı məhəbbətin sevincini, sevmək və sevilmək sevincini, məgər sözlə ifadə etmək olarmı?
Məhəbbət həyatın, taleyin gedişatıdır. Bu gedişatın hansı istiqamətdə gedəcəyi isə bir çox faktorlardan asılıdır.
Həyat paradokslar toplusudur. Bəzən məhəbbət bar verən bağa çevrilir, iki sevən ürək qoşa bağbanlıq edirlər həmin sevgi-məhəbbət bağına, xoş məcaralar bağına. Əfsuslar ki, bəzən də, sevdamızın yaşadığı məkan bir qəm çanağına çevrilmiş ürəyimiz olur. Və olur ki,"həyat"adlandırdığımız zərif xətt ortadan iki qırılır. Bu hekayətdə olduğu kimi…
1-ci hissə
Gözəl bir dövr idi. Bahalı komfortlu avtomobillər, internetlər, kompyuterlər yox idilər. Hələ hamı bir-birinə qonaq gedirdilər, kitablar oxunardı, sevənlər sevgililərini kinoya dəvət edirdilər.
Sevgi həmişə var. Amma, kim nə deyir-desin, Sovet dövrünün verdiyi tərbiyə daxilində qurulan, yaranan sevgi bu günkü sevdalardan fərqli idi. Riyazi hesablama təsiri yox idi bizim məhəbbətimizdə. Hələlik saf, təmannasız — yalnız sevən ürəyin əmrinə tabe olan məhəbbətlər yaşayırdı ürəklərdə.
Baysalla eyni yataqxanada qalırdıq. Bir parkda da işləyirdik, mən sürücü idim, Baysal elektriklik edirdi. Qazaxıstanın Çimkənt vilayətindən idi. Görkəmcə qəşəng deyildi, qarayağız, burnunun enli ucu dördkünc bir insan idi. Gülər üzlü, duzlu zarafatları, mәrdliyi, nəcibliyi, düz danışmağı ilə әksәriyyətin mәһəbbәtini qazanmışdı. Çox güclü və dəmir bədəni, dəmir pəncələri var idi. Nəyi sıxıb tutsaydı, əlindən almaq çətin söhbət idi. Əlləri əsil dəmirçi əli idi. Keyfdəydim, klubda dava olsun, yataqxanada lap qırğın olsun, vecimə deyildi. Baysal məsələni hər vaxt bizim xeyrimizə həll edirdi. Rəqiblərin say çoxluğu bu insanı heç vaxt maraqlandırmırdı. Bir dəfə noyabr bayramı axşamı ikimiz də TEM-2 — nın yataqxanasında təşkil olunmuş bala getmişdik. Bizim yerli qızlarla rəqsimiz, deyəsən, buranın cavanlarının planlarına uyğun deyildi. Gah qabağımızda durardılar, gah bizi çiyinləri ilə itələyirdilər, ünvanımıza söz atırdılar. Vəziyyət bir azdan çox ciddiləşdi, bir-iki xırda çəkişmələrimizdən sonra azından 25–30 nəfər bizi əzişdirməyə hazır idilər. Və Baysal vəziyyətdən çıxış yolu tapdı. O vaxtlar klublarda, rəqs zallarında 3–4 yerli taxta oturacaqlar olurdu. Baysal bu oturacağı izdihamın qabağında elə məharətlə fırladırdı ki, san ki, karandaş idi. Yıxılan-yıxıldı, yıxılmayan qaçdı, aralandı. Oturacaq Baysalın qoltuğunda, çıxdıq çölə. Heç kim bizə yaxınlaşmağa cəhd etmədi. O gündən biz buranın hörmətli iştirakçılarına çevrildik…
Baysal idman zalına yazılmışdı, karate bölməsinə. Axşamlar gedib gələrdi. Mənim də karate bölməsinə getməyim üçün əlindən gələn bütün vasitələrdən istifsdə edirdi. Psixoloji, mənəvi təsirlərin rəngbarəngliyi sərhəd bilmirdi. Uşaqlıqdan idmanla çox da dostluq etməyən mən tək bir insanın karateyə getməsi mənim özümə gülməli görünürdü. Axır ki, bir neçə psixoloji hücumdan sonra, mən razı oldum. Boş axşamlarım olanda Baysala qoşulub gedirdim idman zalına. Mənim bu cəld insanlara qoşulub tullanmağım, köbələk tək yuvarlanmağım, diz üstə qaçmağım onunla qurtardı ki, mən qəti olaraq idmandan uzaq insan olduğumu başa düşdüm. Doğrudur, bu anlayışın kəlləmdə yer tutmağında təlim vaxtı aldığım bir — iki təpik zərbəsi də böyük rol oynadı.
O da məni tək insitutun axşam şöbəsində oxuyurdu, İnşaat insitutunda, mənsə Politexnikdə.
Dərslər həftədə 4 gün, axşam saat 19 radələrində başlayırdı.
Çox vaxt iş növbəmlə dərs saatlarım üst-üstə düşəndə xətdən yayınmağa məcbur olurdum. Dispetçer qızlar yaxşı bilirdilər mənim axşamlar oxuduğumu. Ona görə də dərsə öz işlədiyim avtobusumla gedib — gəlməyimə həmişə göz yumurdular.
— Gələcəkdə müdür olsan, unutma ki, bizim də zəhmətimiz olub bu prosesdə! — deyərək, zarafat edirdilər.
Tanış tələbələr də məndən istifadə edər, mənimlə gedib-gələrdilər: müftə və bu qapıdan düz insitutun qapısına.
Mahnılarla, şən"qəh-qəhə"lərlə qayıdardıq dərsdən. Kimsə lətifə danışar, kimsə zarafat edər, qızlı-oğlanlı gülüş səsi avtobusu başına götürərdi. Hamını imkan daxilində, yaşadıqları yerə yaxın düşürərdim.
2-ci hissə
Zarafatla, deyib gülə, axşamlar oxuyurduq, gündüzlər işləyirdik. Demək olar ki, axşam şöbəsi işlə məşğul olanlar üçün idi. İşdən yorğun çıxıb yenidən üç saat parta arxasında oturmaq asan iş deyildi.
Bizim qrupda, demək olar ki, çox pis oxuyan, “quyruqda gedən” yox idi. Hamı çalışırdı dərsin öhdəsindən gəlsin. Bəzi yaş fərqlərini nəzərə almasaq, hamımız eyni sosiyal səviyyədə olduğumuz üçün aramızda gözəl tələbə dostluğu, fəhlə həmrəyliyi höküm sürürdü.
Qrupumuzun uşaqları, o cümlədən gələcək hadisələrin səbəbkarı, hekayətimizin əsas iştirakçısı olacaq İnqa adlı bir tələbə yoldaşım da mənimlə gedib gəlirdi. Sakit təbiəti ilə, musiqini xatırladan həzin danışığı ilə seçilən İnqa alman mənşəli, mavi gözlü, sarışın saçlı gözəl bir qız idi. Özbəkistandan gəlmişdi.
Ümumiyyətlə, qrupumuzda 9 millətin nümayəndəsi vardı.
İnqa çox yaxşı oxuyurdu, həmişə də hazır idi yoldaşa köməyə. Amma, qrupa tam qarışa bilmirdi. Hamı yığılıb zarafat edəndə, deyib güləndə, o sakit dayanar, ya da zarafata sakitcə, aşağıdan gülərdi.
Çox xoşum gəlirdi İnqadan. Gözəlliyi ilə, mədəni davranışı ilə, savadı ilə ilk günlərdən seçilirdi başqalarından. Aramızda olan təmiz və təmənnasız dostluqla mən fəxr edirdim.
Şirin yoldaşlıq münasibətinin möhkəmlənməsinə, əsil tələbə dostluğuna çevrilməsinə bir gün baş verən kicik bir zarafat səbəb oldu.
İnqa və üç rəfiqəsi İpək kombinatında işləyirdilər. Bir dəfə semestr imtahanı ərəfəsində işlərində nəsə baş vermişdi. Bu səbəbdən onları, hətta istirahət günləri işə çıxarmışdılar. Ona görə də, İnqa rəsmixətt dərsinə yaxşı hazırlaşa bilmədiyi üçün get-gələ düşmüşdü.
Yaddaşımdan heç vaxt silinməz həmin günün İnqası.
Hansısa sxemi müəllimə verə bilmirdi. Düz çəkə bilməmişdi. Qəşəng gözləri yaşla dolmuşdu. Birinci və sonuncu dəfə İnqa dərsdə saçlarını töküb oturmuşdu. Bu vəziyyətdə İnqaya baxmaq, bu gözəlliyin şahidi olmaq çox xoş idi. San ki, hansısa dahi rəssamın rəsm əsəri idi İnqa!
Nədənsə, birdən hündürdən:
— İnqa, Yaradan səni yaradanda çox güman ki, sübay olub! Həm də, rəsmixətin nə olduğunu bilməyib. — dedim.
Əvvəlcə yavaşdan başlayan gülüşlər auditoriyanı başına götürdü. Bayaq gözləri yaşla dolu İnqa özü də gülürdü. Müəllim ayağa qalxdı, təbəssümlə İnqaya yaxınlaşdı:
— Ver qiymət kitabçanı! — dedi.
İnqa kitabçasını açıb verdi müəllimə. Müəllim İnqaya qiymət yazaraq, kitabçanı qaytardı və:
— Azada borclusan, heç olmasa onunçün bir-iki kökə bişir gətir! — dedi…
O gündən mən İnqa ilə aramızda olan dostluq — yoldaşlıq münasibəti daha bir pillə də qalxdı. Harada, necə yaşamağından asılı olmayaraq, gənclik öz yolunu seçir, hansı hisslərlə, istəklərlə yaşayacağın gətirir ortaya. Bəzən, ürəkdə olan ən dərin və aramsız sızlayan yaranın da gücü yetmir həmin ürəyi tam ixtiyarında saxlamağa…
Amma, onu da deyim ki, İnqanın saçlarına baxmaq doğrudan da xoşuma gəlirdi. Bu vurğunluğumun səbəbini ilk günlərdəcə başa düşdüm.
Olur ki, iki insanda gözlər oxşar olur, üz oxşar olur. Amma, sən demə saçlar da çox oxşar olarmış. Bu saçlar mənə heç vaxt əlim yetəcəyi mümkün olmayan bir məsafədə olan, ona sevgimi xoşbəxtliyimin zirvəsi saydığım sevimli bir gözəlin saçlarını xatırladırdı. Onsuzda unuda bilmədiyim keçmişi daha tam yad etməyə san ki, bu bir təkan idi. Keçmişin kədərini xatırlamaq da şirin olarmış…
Bir axşam yenə dərsdəydik. Nədənsə, qələmim yazmadı, rəngi qurumuşdu, ya nə idisə, əlləşdim, xeyiri olmadı.
Üz tutdum yoldaşlara. İnqa çantasından bir qələm çıxarıb uzatdı mənə.
— Yəni, bu ədəd qələm tək yaza bilir? — zarafatla dedim.
— Xəbərim yoxdur. Bəlkə də yazır. Son dəfə, deyəsən, uşaq bağçasına ilk ili gedəndə nəsə yazmışdım.
Dərs qurtardı. Kitab dəftərlərimizi yığışdırdıq. İnqadan aldığım qələmi özünə
qaytardım.
— Sağ ol, İnqa. Köməyin dəydi, sənin qələmin olmasaydı batmışdım, necə ki, Bermud üçbucağında gəmilər batır! — deyə zarafat etdim.
— İstəyirsən, gündə gəl qələmsiz, verərəm.
— Yox, qələmin lazım deyil. Dosta, yoldaşa xeyir vermək istəyirsən, deyim neynəmək lazımdır?
— Buna bax,"Stiven"in (müəllimin ləqəbi) cəngindən qurtarmışam, indi"sağ ol!"demək əvəzinə ilişir mənə.
— Mən sənə"sağ ol"deyirəm, İnqa! Özü də, qələmi verdin-vermədin, fərqi yox. Sənin elə bir pərəstişkarın yoxdur ki, sənə mən dediyim qədər"sağ ol"desin!
— Maraqlıdır, hansı xidmətimə görə?
— Sonra deyəcəm. Hələ yetişməyib vaxtı. Amma, indi sözüm başqadır. Bax, xahişim budur, hansı auditoriyada dərs keçsək, sən məndən qabaq gəlsən, elə yerdə otur ki, arxa oturacaq boş olsun. Həmin oturacaqda, düz arxanda mənə yer saxla.
— Yaxşı, bu nəyə görədir ki?
— Saçlarına baxmaq mənə ləzzət verir.
— Sən bura bilik qazanmağa gəlirsən, ya mənim saçlarıma baxmağa?
— Bilirsən, son vaxtlar mən də tez-tez sual verirəm özümə: yorğun, axşam qaranlığı bu uzunluqda yolu məni bura gətirən birinci səbəb hansıdır, İnqanın saçları, yoxsa gələcəyin dumanlı müdir olmaq arzusu?
— Və, əlbət də…
— Əlbət də! Çox düz nəticə!
Uşaqlardan biri qayıtdı ki,
— İnqa, gör nə qədər çoxdur saçın, 5-10 sm kəs, ya, bir neçə tük saç qopart, ver, qoy assın sükanın üstündən.
— Qoyardı qiymət kitabçasının arasına!
— Doğrudan ha. Olardı talismanım!
— Onda, day dərsə gəlməyəcək! Kim axşamlar bizi müftə dərsə gətirəcək, eləcə də, dərsdən aparacaq?
Qəh-qəhə ilə çıxdıq çölə. Doluşduq avtobusa.
Bir-iki gün gün keçdi. Söz-söhbət unuduldu (mən elə bilirdim!), hansısa auditoriyaya dərsə girdim. Yer tapıb oturmaq istəyirdim ki, İnqanı eşitdim:
— Hara, Azad? Nə tez yaddan çıxartdın xahişini? Mən sənə arxada yer saxlamışam, buyur gəl, otur.
İnqanın arxa tərəfi boş idi, keçdim ora.
— Bu başqa məsələ! Belə olarsa, dərsə həvəs də olar adamda, — dedim, — bir də gördün əlaçı oldum!
— Yaxşı, bəs sən tez gəlsən necə olacaq? — İnqa soruşdu.
— Nə olar ki, həmin şey. Mən qabağımdakı yeri saxlayaram sənin üçün.
Çox keçmədi ki, bu zarafat, bu hal adətə çevrildi. Tələbə yoldaşlar da qoşuldular bu işin icrasına. İnqa harada otursaydı, arxada bir yer boş saxlanılardı. Mən tez gəlsəydim, qabaqda boş yer gözləyəcəkdi İnqanı.
3-cü hissə
Bir axşam yenə dərsdən çıxıb avtobusa doluşduq, mən sükan arxasına, dostlar salona. Təzə yola düşmüşdük. Həmişəki tək, səs-küydən ağız deyəni qulaq eşitmirdi. İnqa sərnişinlərlə sürücü arasında olan şüşə arakəsməyə yaxınlaşdı. Pəncərəni açıb mənə bir şəkil uzatdı və astadan:
— Al. Azad, belə şeyləri itirmək olmaz! — dedi.
Aldım şəkili. Bu şəkil mənim ən böyük istəyim — arzum idi, bu şəkil ən böyük itgim idi. Neçə illərdir ki, bu şəkil döş cibimdə ürəyimin döyüntüsünə yoldaş olub. Mənimlə hərbi xidmət keçib. Sevincimin, məhəbbətimin yadigarıdır bu şəkil. Necə ola bilərdi ki, bu şəkili itirmişəm.
İki gündən sonra institutda tənəffüs vaxtı yaxınlaşdım İnqaya:
— İnqa, sağ ol şəkili qaytardığına görə! Amma, zəhmət olmasa, başa sal. Haradan tapdın bu şəkili?
— Qarderobdan.
— Axı, nə bildin ki, o şəkilin sahibi mənəm? Şəkilin arxasında heç nə yazılmayıb!
— Dəfələrlə dərs vaxtı sənin bu şəkilə baxdığını görmüşəm. Sən məni bağışla, Azad, əgər bu şəkili sənin əlində görməyim, baxmağım etika dairəsindən qırağa çıxırsa.
— İnqa, elə demə. Şəkildir, görmüsən, nə olar?
Bir neçə gün keçmişdi aradan. Dərsin sonu idi. Çıxmaq istəyirdim ki, İnqa yavaşdan:
— Azad, bircə dəqiqə gözlə, bir yerdə çıxaq!
Mənə elə gəlirdi ki, İnqa məndən nəsə soruşmaq istəyir amma, nədənsə çəkinirdi. Axır özüm dedim:
— Nəsə sözün var, İnqa?
— Var. Amma, bilmirəm necə soruşum?
— Soruş, necə bacarırsan. Sənin sualın məni incitməz.
— İnciməyəcəksən?
— Səndən necə incimək olar, İnqa!
— Sənin saatlarla qəmli oturmağını hamı görür. O şəkil doğrudanmı sənə çox əzizdir? O şəkildirmi, daha doğrusu, şəkildəki insandırmı sənin hər dəqiqə köks ötürməyinə, uzun-uzadı kədərə bürünməyinə səbəb? Həsrətdirmi səni qəmləndirən? Sən o şəkilə baxanda ətrafı tam unudursan.
— İnqa, insana öz əli, gözü, ürəyi necə qiymətlidirsə mənə də o şəkil bir elə qiymətlidir.
Bu söhbətdən sonra mən İnqanın qəflətən dəyişdiyini, kədərləndiyini gördüm.
Əfsuslar, mən İnqayla söhbətimdə dərdimi sonacan demədim ona. Şəkil sahibinə həsrətin əbədi olmağını, onu bir dəfəlik itirdiyimi demədim. Mən nədənsə, düşünmüşdüm ki, İnqa özü başa düşüb mənim şəkil sahibini bir yolluq itirdiyimi.
İkinci səhvimsə İnqanın bir də təkrar dediyi bir cümlədən nəticə çıxara bilməməyim oldu.
İnqanın dediyi cümlə bu idi:
— Sən o şəkilə baxanda unudursan ətrafı.
İnqa artıq sual vermədi. Ümumiyyətlə, İnqa artıq sual verməyi sevmirdi. Mənim yadıma gəlmir ki, İnqa o dövrdə, ya sonralar, hətta, bədbəxtliklər bir-birinin dalıyca onun başına töküləndə belə artıq sual versin. İllər keçəndən sonra onun bu xasiyyətinin səhv olduğunu gördüm. Əgər vaxtında ürəyindəki sualları ortaya qoya bilsəydi biz iki gənc insan arasında qaranlıqlar qalmayacaqdı, gələcək fəlakətlər yolumuza çıxmayacaqdılar.
— İnqa sual etmədi, mənsə izah etmədim — belə səhv prinsiplə keçdi hər günümüz…
Beləcə günlər keçirdi, İnqayla aramızda olan dostluq-yoldaşlıq münasibəti öz simasını dəyişərək ecazkarlıq gəzən gəncliyin tələblərinə uyğunlaşırdı. Artıq hər ikimiz üçün vaxt edib bir yerdə olmaq adətə çevrilmişdi. Bizim aramızda olan bu görüşlər çox sadəliyi və məcburiyyətsizliyi ilə seçilirdi. Daha birbir-birimiz üçün darıxdığımızı gizlətməyə ehtiyac yox idi.
4-cü hissə
Baysalın insitutu Politexdən 200–300 metr məsafədə olduğu üçün, mənim sürdüyüm avtobusla gedib-gəlməyim ona da əlverişli idi. Baysalın dərsləri bəzən tez başa çatırdı. Olurdu ki, о gələrdi bizim inctitutda gözləyərdi, biz bir yerdə çıxardıq. Beləliklə o da qrupumuzla, o cümlədən İnqa ilə də tanış olmuşdu.
Baysal yaxşı həmsöhbət olmağı bacardığı üçün hamımıza xoş idi onun bizimlə olmağı.
Bir axşam mən dərsə avtobusumla getmişdim. Dərsdən çıxanda gördüm avtobus tələbə yoldaşlarımla dolub. Baysal da buradaydı. Gəldik sağ sahilə. Tələbələr düşdülər. Baysalı gətirdim yataqxananın həyətinə. Əvvəl istədi mənimlə qalsın.
— Gedək, İnqanı düşürdək. Mən də sənlə qaraja gedərəm. Yoldaşlı gələrik.
— Yox, nəyə lazım. Sən get istirahətini et. Mən İnqanı yolüstü aparacam yataqxanalarına. Oradan da parka gedəcəm, avtobusu qoyacam. Üç saat çəkəcək, ən azından.
Baysal düşüb getdi. Sona qalan İnqa oldu. Avtobusu sürdüm onların yataqxanalarının həyətinə. İlk dəfə idi gecənin ortasına qədər bir yerdə olduq. Son ilimin ən şirin axşamı idi. Ürəyimdə çox sözlərim vardı. Amma, şən gülüşlər, zarafatlar, xoş məqamlar ciddi söhbətlərə yer vermədi. Gecənin ortası ayrıldıq.
Mən parka girəndə cədvəldəki vaxtdan üç saatdan çox gecikmişdim. Bilirdim ki, məndən izahat tələb edəcəklər. Elə də oldu. Günorta parkın yeməkxanasında yemək yeyirdik. Stol arxasında dörd nəfər idik. İki iş yoldaşım, Baysal, mən. Təzəcə yeməyə oturmuşduq. Mənə yaxınlaşıb dedilər:
— Səni və filankəsi (digər sürüçü) təhlükəsizlik şöbəsi gözləyir.
Mən başa düşürdüm səbəbini. Ona görə dillənmədim. Amma, yoldaşlardan biri xəbəri gətirəndən sual etdi:
— Bimirsən, onları neynəyəsidirlər orada?
— Deyəsən, səhərə yaxın gəlib çıxıblar avtobusla bir yerdə!
Baysal o dəqiqə sual dolu nəzərlərlə mənə baxdı. Mən gülümsədim yalnız. Baysal qəfildən sual verdi:
— Azad, bir dost kimi mənə cavab ver, İnqa ilə münasibətin hansı səviyyədədir?
Mən gülərək başdansovdu cavab verdim:
— Dostluq səviyyəsində.
— Yalnız dostluq!
— Yalnız dostluq.
Mən bu sualları ciddi qəbul etmədim…
Həftənin üçüncü günü id. Üçüncü günləri axşam şöbəsində dərslər olmur. Axşam üstü çıxıb dayanacaqda avtobus gözləyirdik. Mən istirahət günüm olduğu üçün işləmirdim.
— Görəsən, İnqa niyə dünən dərsə gəlməmişdi? — Baysal sanki, təsadüfən dedi.
— Gəlmişdi. İcazə alıb tez də qayıtdı. Deyəsən, azca nasaz idi.
— Demədi, nə olub?
— Yox.
— Bəlkə gedək onlara, onsuz da boşuq.
— Xəbər etməmiş, çağırılmamış?
— On beş dəqiqəlik yoldur avtobusla onların yataqxanasına. Aşağıdan vəziyyəti soruşaq, çıxaq gedək.
— Səhər onsuz da görəcəm.
— Boşuq onsuz da, gedək, xahiş edirəm.
İnqa gilin yataqxanası bir elə də uzaq deyildi. Oturduq marşuruta, 10–15 dəqiqədən sonra yataqxananın arxa tərəfində idik. Otaqları ikinci mərtəbədə olduğu üçün səsləmək də asan iş idi. Yaxınlaşdıq. Pərdə salınsa da, kimlərinsə hərəkəti görünürdü.
İki-üç dəfə astadan"İnqa, İnqa!" — deyə çağırdım. Eşidən olmadı. Keçdik tələbə metoduna, yerdən xırda daşlardan bir neçəsini vurduq pəcərəyə. Pəncərə açıldı, otaq yoldaşlarından birisi səs verdi.
— Axşamınız xeyir! Dedik, görək İnqanın vəziyyəti necədir. Dünən nasaz idi.
İnqanın səsi eşidildi:
— Dayanın, düşürəm aşağı.
Biz etiraz etsək də, İnqa artıq bayırda idi. Bizim gəlişimiz İnqa üçün gözlənilməz olmuşdu. Sevincinin həddi-hüdudu yox idi.
— Nə qədər şadam sizin gəlişinizə, uşaqlar! Qalxaq yuxarı, çay qoyum.
— Yox, İnqa. Gəldik, öyrənək vəziyyətini. Narahat idik, o cümlədən də bizim dost! Məni şəhərin o başından piyada çəkib gətirib bura, heç olmasa, taksi tutaydı. Əvvəllər xəsis deyildi! Heç olmasa utana, bir qonaqlıq filan boyun ola, bizi bir restorana dəvət edə! — mən tam zarafatla dedim bu sözləri!
İnqa əlavə etdi:
–Əla olardı! Nə vaxtsa birinci dəfə lazımdır ki, olmaq restoranda! —
Baysal sinəsini verdi qabağa:
— Yaxşı, əgər ciddi deyirsinizsə, mən hazır! Bir qəşəng qonaqlıq məndə! Harada, nə vaxt desəniz, mən hazır!
Onlar başladılar plan qurmağa. Mən zarafat edirdim, Baysal ciddi qəbul etdi. Və ümumiyyətlə bu iş mənə lazım deyildi. Niyə? Bilmirəm.
— Yaxşı, dostlar. Siz düşünün, plan çəkin. Mən gedim. Təcili işim var, gedim onun dalınca. Sonra baxarıq!
İnqanın sevindiyini gördüm. Ona çox xoş idi ki, mən istəmədim onu Baysalın yanında görüm. Razı halda:
— Mənə heç nə gərək deyil, Azad, mən zarafat edirəm. Təcili işin varsa, mən də gedim, hazırlaşmaq lazımdır. — dedi.
Mən Baysalı pis vəziyyətdən çıxarmaq xatirinə ayrı mövzuya keçdim. Xeyli söhbətləşib ayrıldıq.
— İnqa necə gözəldir, ilahədir! — dedi Baysal yolda.
— İnqa həm gözəl və həm də əsl insandır! — dedim.
5-ci hissə
Günlər həftələri əvəz edirdi, həyat gündə bir yenilik gətirməklə qabağa yeriyirdi. Daha doğrusu uçurdu qabağa. Hər şey dəyişməyə üz tutduğu vaxt, yeniliklər tələb olunan yerdə mən yeganə məxluq idim ki, dünənimdən çıxa bilmirdim. Şüurum, zəkam bu günün tələblərinin dalısıyla çata bilmirdi. Ən pisi də bu idi ki, nələrin mənim özümdən asılı olduğunu yaxşı dərk edə bilmirdim, hərəkətsiz dayanıb, səs-küylə, taqqıltı ilə gedən həyat qatarının arxasınca baxırdım!
Keçmişin xatirələrindən silkinib çıxmağı bacarmaq lazımdır. Bu günkü günlə, bu günün tələbləri ilə ayaqlaşmaq gözəl bacarıqdır. O dövr, o il üçün ən başlıca bir səhvim yaşayırdı mənimlə: ətrafımı, həmişə qaynayan gənclik məkanını, cavanlığın tələblərini olduğunca dəyərləndirə bimədim, gecikdim.
Mənə talehimin təklif etdiyi İNQA adlı gözəlliyi, səadəti qiymətləndirə bilmədim, bəxtimə düşən imkandan sonacan istifadə etmədim. Kaş, biləydim onda, insan soyuqluğu nələri gətirə bilərmiş gündəmə!..
Kaş bu səhlənkarlığın bizə, xüsusən də İnqaya necə baha başa gələcəyini görə biləydim!
…İnstitutda kanikullar başlamışdı. İstifadə edərək təcili surətdə bir aylığına vətənə getməyi qərara aldım. Bir gün içərisində işdən mənzuniyyət götürdüm, bilet aldım.
Belə tələsməyə bir — iki səbəb vardı. Həmişə mən tələsmişəm, indi də hər nə etsəm tələsik edirəm. Həmişə də tələsməyimin ziyanını çəkirəm.
Amma, onda tələsmək lazım deyildi, heç olmasa İnqa ilə görüşmək, vətənə getdiyimi deməyim lazım idi. Əfsuslar, bu haqda gec düşündüm. Artıq vaxt yox idi. Və bu səhvim ağır bir yük olaraq asıldı boynumdan, ömrümün sonunadək, son nəfəsimə qədər…
Bir aydan sonra qayıdıb gəldim. Vətənə son dəfəki bu səfərim tam uğursuz oldu. Ürəyimdə ümüdlərim yaşayırdı: azacıq da olsa bir məlumat bilmək. Bütün bu zəif ümüdlərimin üstündən çalın-çarpaz xətt çəkildi. Bu səfərimdə baş verən söz-söhbətlər, görüşlər mənə başa saldılar ki, keçənləri qaytarmağa heç bir yolum yoxdur.
İllərlə ürəyimin üstündə sevə-sevə gəzdirdiyim insanım yoxluğunu, mənim üçün əl çatmazlığını çoxdan bilirdim. Aramızda keçilməyi mümkün olmayan sədd qoyulduğu çoxdan mənə aydın idi. Mən bu dəfə bircə əsas ümüdlə getmişdim: beşcə dəqiqə də olsa görüşə bilim sevdiyim insanımla! Razıydım tək, ya, atası-anası ilə bir yerdə olsun. Mənə fərqi yoxdur, hansı şəraitdə görüşək! Görüm Onu, eşidim qərarını öz dilindən! Onu görmək əvəzinə, ağıla gələ biləcəyi mümkün olmayan vəziyətlə üzləşdim. Bakıda yaşayan yaxınlarımın da cəlb olunduğu mübahisənin dərinləşib uğursuz və sonu qaranlıq olan prinsipiyal münaqişəyə çevrilmə ehtimalı çıxdı ortaya. Solmazı görmək qismətim olmadı. Əvəzinə qohumları başa saldılar: münaqişənin uzadılması Onun məhvinə çalışmaq deməkdir! Unuda bilməsəm də bu işdə nöqtənin qoyulduğu aydın idi. Bu dərd yükü ilə qayıtdım arxaya…
Altıncı gün idi. Bir-iki saat dincəlib çıxdım şəhərə. Yolüstü, Baysalı soruşdum, dedilər, səhərdən yoxdur. Qərara gəlmişdim, gedim İnqanı görüm.
Yataqxanalarının yanında avtobusdan düşdüm, binanın arxasına keçmək istəyirdim ki, səsləyim. Birdən İnqanı gördüm. Yataqxananın həyətində Baysalla yanaşı oturub şirincə nəyisə deyib gülürdülər. İkicə saniyə dayandım. Və çevrilib getdim, uzaqlaşdım.
— Niyə belə etdim? Kiminsə mənim qabağımda hansısa öhdəliyimi vardı? İndiyə kimi İnqa ilə danışanda, hansısa dəqiq bir fikir, ürək sözü demişdimmi mən ona? Aylar ərzində azmı olmuşdu vaxtım, imkanım? Mən özüm özlüyümdə ciddi düşünmüşdümmü ikimizin gələcəyimiz barədə?
— Yox!
Oturdum avtobusa, sürücü ilə salamlaşıb keçdim axıra. Salon demək olar ki, boş idi. Gözlərim dikildi abtobusun enli pəncərəsinə. Fikrim getdi uzaqlara. Keçmişli — gələcəkli bir məkana. Pəncərə önündə dəyişən lövhələr, evlər, insanlar uzun həyatın kiçildilmiş variyantı idi. Artıq mənim üçün avtobusun pəncərəsi həyatın ekranı idi. Kimlər və nələr keçmədi bu ekrandan! Hansısa sirli qüvvəydi durub ekranın arxasında, kadrları elə sürətlə dəyişirdi ki, mənim şüurumun gücü çatmırdı bu dəyişilikləri qavrasın, dərk etsin! Deyəsən düşünmək bacarığım fəaliyyətini dayandırmışdı.
Sürücünün səsi məni qaytardı bu dünyaya:
— Nə olub, Azad, xəstə deyilsən ki?
San ki, yuxudan ayıldım:
— Yox, yox, narahat olma!
— Dövrəni axıracan mənimlə getdin. Gördüm düşüncələrdəsən, narahat etmədim. İndi hara aparım səni?
— Narahat olma, qayıdaq marşurutunla, yolda düşərəm.
Yolda düşdüm avtobusdan. Bir xeyli gəzdim şəhəri. Kinoteatrla üzbə-üz olan parka girdim. İstirahət günü olduğu üçün bura adamla dolu idi. Haradasa bir boş skameyka gördüm, əyləşdim ki, dincimi alım. Kiçik bir quşun hərəkəti bütün diqqətimi özünə cəmləşdirdi.
Qabağımda bir sərçə böyük bir çörək parçasını dimdikləyirdi. Deyəsən, çörək elə daşlaşmışdı ki, sərçənin etdiyi cəhdlər heç bir nəticə vermirdi. Az qala, duracaqdım ayağa ki, götürüm sındırım daşlaşmış çörək parçasını. Bircə işdən qorxurdum: mən qarışsam sərçənin işinə, o qorxudan uçub gedə bilər. Təbiətin yaratdığı kiçik bir kiçik dramatik yönlü mübarizəyə mənim qarışmağa ixtiyarım vardımı?
Sərçə xeyli əlləşdi, bu quru çörəyi fırladı, dimdiklədi, axırda başa düşdü hər şeyi. Ona çatdı ki, bu daşa dönmüş çörək parçası onun üçün deyil. Qisməti olmdığını görüb uçub getdi.
Mən də başa düşdüm!
— Faktı qəbul etməyi bacarmaq lazımdır! — dedim ucadan, səsim yaxınlıqda oturub körpəsini bağrına basmış bir gənc ananı diksindirdi. — Bu mövzu bağlıdır daha mənim üçün!
O gündən hər şeyə, insanlara, hadisələrə, faktlara başqa baxışlarla baxmağa başladım. Hər insan yolunu özü seçir, mən də o cümlədən. Mən özüm seçmişdim düşdüyüm bu yolu! Və mənə yaşamaq müəyyən mənada asanlaşdı! Dünya geniş imiş…
6-cı hissə
Bir-iki gün idi işləyirdim. Nə qədər özümü sakit göstərsəm də, daxilimdə mənimlə yaşayan həyacanı, qəmli düşüncələri bir kənara qoya bilmirdim. İlk növbədə Vətəndə mənimlə bağlı xoşa gəlməz hadisələrin əks-sədası, qəmli xatirələri məni narahat edirdi. Bir tərəfdən də İnqanı kimləsə bir yerdə görmək ağır zərbə oldu mənə. Mən onsuz qapanmışdım özümə, İnqanı həyatımnan silmək düşüncəsi isə məni daha da üzürdü. Nə qədər çətin də olsa, qəbul etdiyim qərara — İnqaya qarşı biganə olmağa çalışırdım. Bu hərəkətimin İnqanın nəzərindən nə dərəcədə yayındığını deyə bilməzdim. Yəqin ki, hiss edirdi nəsə. Çünki, ilk vaxtlar hər vasitə ilə onunla görüşdən qaçmağa çalışırdım. Ürək ağrısı ilə atdığım bu addımların — səhv addımların — arası kəsilmirdi.
Bir dəfə ikinci növbə işləmək üçün parkdan çıxıb başlanğıc yerimə — Predmostnaya deyilən meydana girdim. Burada qeyd olunur və xəttə buradan çıxırıq, ilk dayanacağımız və son dayanacağımız buradır. Təzəcə girmişdim meydana, İnqanı gördüm. Uzaq da olsa tanıdım, bizim dayanacaqda dayanmışdı. Avtobusu görmüşdü. O dəqiqə çıxdım meydandan. Boş-boşuna. Üz tutdum qaraja. İşdən yarımçıq qayıtmağımın səbəbini soruşa bilərdilər. Hər ehtimala qarşı, avtobusun mühərrikə gedən naqillərinə əl gəzdirdim, pis işləməyi üçün. Parka girdim, maşının pis işlədiyin deyib, təmirə ehtiyac olduğunu bildirdim. O gün işləmədim. Bir gün sonra İnqanın birinci növbə olduğnu bildiyim üçün mən də qrafiki dəyişdim ki, görüşmək imkanımız olmasın…
Rəfiqəsi mindi avtobusa. Son dayanacaqda hamı düşəndə yaxınlaşıb söhbət etmək istədiyini bildirdi:
— Azad, vaxtın var oturub danışmağa?
— Yox! — dedim, — bağışla. Nəsə vaxtı çatdıra bilmirəm.
Yenidən durdum dayanacağa, marşruta getmək üçün.
— İnqa xahiş edirdi, vaxt edib görüşərdin.
— Salam deyərsən ona. Hələlik vaxt edə bilməyəcəm. İşdən sonra tikinti işindəyəm. Yaxın dostlardan biri ev tikir, kömək edəcəm bir neçə gün, — ağlıma gələn yalanları quraşdırırdım!
Sonrakı təsadüfü görüşlərdə çalışdım söhbətimiz dərinə getməsin. Bacardığım qədər tənha görüşlərdən uzaq qaçdım. Beləcə vəziyyəti sabitləşdirdim. Nə qədər düzgün edirdim, mən düşünmürdüm. İstəyirdim ondan uzaq olum, müəyyən vaxt buna nail oldum. Yalnız müəyyən bir vaxt ərzində.
İnqanın mənim ürəyimdə nə qədər dərin yer tutduğunu görməmək, düşünməmək üçün etdiyim cəhdlərin gücü bir — iki aya güclə çatdı…
7-ci hissə
— Sağ ol, əziz qardaşım! Şükürlər yaradana ki, sənlə dostam! Miinnətdarlığımı sənə sözlə ifadəmə gücüm çatmır! — iri pəncələri əlimi sıxmışdı.
— Nə olub, Baysal? Mənim xidmətim nə olub?
— Sən, sənin işin, sənin bizi axşamlar dərsdən gətirən avtobusun məni yenidən yaratdı! Mənim yoluma İnqa adlı insanı gətirdi!..
Özümə çox söz versəm də, ürəyim sıxıldı. Bayıra çıxdım. “Unutmaq lazımdır!” dedim özüm özümə. Hər ikisi yalnız və yalnız dostdurlar mənə!
…Sevgi burulğanına düşənlərin neçəsi çatır muradına?
Ulu Tanrı, köməyini əsirgəmə sevənlərdən! Viran qoyma sevgi yaşayan ürəkləri!..
Deyirlər, məhəbbətin gözü kordur. Bəlkə də, bu məsəldə həqiqət olur. Yəqin, isbatı bu məsələyə hansı rakursdan baxmaqdan asılıdır. Düzmü hərəkət etdim, qürurum nə dərəcədə hakim oldu qəbul etdiyim qərarlarıma?
Onların xarici görkəmləri uyğunluq yaratmırdı. İnqa — dünya gözəli, Baysala isə diqqətlə yanaşsaq, bəlkə də kişilərin çoxuna xas olan eybəcərliyin izini tapmaq olardı. Amma, hər ikisinin daxili dünyaları bütün gözəllikləri özündə cəmləmişdi. Ən azından, mən belə düşünürdüm.
Bunların bir oxşar cəhətləri də, hər ikisinin yetim böyüməkləri idi. Baysalın ata-anası, İnqanınsa atası o uşaqkən rəhmətə gediblər. Baysalı nənəsi — iindi rəhmətə gedib — böyüdüb, İnqanı da xəstə anası…
Həyat öz yolu ilə gedirdi. Onlar əldə etdikləri münasibətləri gizlətməyərək sevinirdilər, yaşayırdılar.
Amma, hiss edirdim ki, Baysal bir az çəkinir məndən, bəzən hətta görüşləri gizlədir. Əvvəllər dost tək münasibət qurduğum bir insanın bu hərəkətini başa düşə bilmirdim. Yaxşı ki, Baysal özü bir gün açdı məsələni. Bir iki dəqiqə mənə diqqətlə baxıb, bu sözləri dedi:
— Əziz dostum, sən məndən heç nə gizlətmədiyin üçün sənin həyatının çox məqamları mənə yaxşı məlumdur. Və sənin yaxın keçmişdə olan itgini, nələr çəkdiyini mən yaxşı bilirəm. İnan ki, sənin sevincini arxaya qaytarmaq imkanım olsaydı heç nəyimi əsirgəməzdim.
Mən belə başa düşdüm ki, mənim ürəyimdə nələr çəkdiyimi Baysal bilirdi. İndi isə onların birgə həyatlarının mənim qəmimin çoxalmasına səbəb ola biləcəyindən çəkinir.
— Səni tək dostumun və xatiri mənim üçün olduqca əziz olan İnqa tək bir gözəl insanın sevinci həm də mənim sevincimdir. Sizin təmizliyiniz, saflığınız mənə qüvvə verir. Şadam sizi bir yerdə gördüyümə!
Mən bu sözləri deyib qurtarandan sonra Baysal sakitləşdi. Biz bir-birimizi başa düşdük…
…Gün-gündən onların sevgilərinin necə yavaş-yavaş qanuni finala getdiyinin şahidi olurdum. Kim sizlərdən düşməyib sevgi kəməndinə! Şahlar, alimlər yanıb eşq atəşində. Dünyanın aqibətini dəyişməyə qadirlər sevgi qabağında düz çökmüşlər!
Baysalın İnqaya göstərdiyi qayğının həddi-hüdudu yox idi.
Hərdən hər ikisi birlikdə qonağım olurdular. Qəribə, anlaşılmaz, bir az da qəddar həyatın yolları hansı istiqamətə yönəlməyindən asılı olmayaraq, bir şeyi dərk etmişdim. Hər nə baş versə də, İnqanı görmək mənim üçün çox xoş idi. İnqa mənim üçün əziz bir insan idi. Bununla yanaşı, bir həqiqəti də dərk etdim: hər bir canlı məxluqun öz xoşbəxtliyini qurmaq yolunda mübarizə aparmaq, səy etmək hüququ müqəddəsdir!
Bəzən, mənim otağıma yığışardıq, saatlarla söhbətləşərdik, nə qədər mövzular çıxardı ortaya!
Hərdən çay qırağına gəzməyə çıxanda mən də qoşulardım. Möhtəşəm Yeniseyin sahillərində neçə arzularım, neçə diləyim səslənib…
8-ci hissə
Ölkədə baş vermiş qəzadan iki aya yaxın vaxt keçmişdi. Onu da deyim ki, bütün ölkə, o cümlədən də biz, bu dəhşətli Çernobıl qəzasını lazımınca başa düşmürdük. San ki, hansısa bina dağılıb, yenidən qurmaq lazımdır, vəssalam! Televizorlarda təhlükənin olmadığı, hər şeyin nəzarət altında olduğu deyilirdi.
Birdən qaraja səs düşdü. Çernobıla dəstə göndərirlər. Adlar yazılmış elanlar idarədə asılıb. Mən də getmişdim baxmağa. Və… Baysalın adını gördüm siyahıda.
Axşam Baysalla şəhərə çıxmışdıq. İnqanı qarşılamağa. Nə səbəbdənsə — unutmuşam — kinoya biletimiz olsa da, getmədik kinoya, getdik parka. İnqa eşidəndə ki, Baysal gedir bir aylığına Çernobıla, çox-çox məyus oldu. Göz yaşları içində:
— Axı, necə? — dedi, — Bəlkə getməyəsən?
— Necə getməyim, məndən asılı deyil. Əlbətdə, xəstələnib getməmək olar, yoldaşlar nə deyərlər? Mən ki, tək deyiləm, Qarajdan 25 nəfərik. Nə narahatçılıq, əzizim? Sənə gündə bir məktub yazacam.
Baysar əlavə etdi:
— Mən oralarda xidmət etmişəm. Hava-hücumundan müdafiə hissəsində. Yəqin ona görə məni qoşublar bu siyahaya.
İnqanın gözlərindən yaş axırdı.
— Bir ay nədir ki, İnqa! 4 istirahət günü keçəcək, mən gələcəm.
İnqa o axşamı bircə aylıq ayrılığın ağırlığından şikayətlənirdi. Kim bilərdi ki, Fələyin bəxt yazan qələmi sabahdan başlayır bu iki gənc üçün taleyi qaralamağa…
Səhəri gün iş yoldaşlarım, o cümlədən Baysal uçdular Ukraynaya.
…Bir aydan artıq keçmişdi, dəstə qayıtdı. Artıq, Çernobılın gətirdiyi bəlalar ölkəyə məlum idi. Söz-söhbət bu dəhşətin nəyə qadir olduğunu xalq arasında yaymışdı. Hökumət tərəfindən nüvə fəlakətinin ölkəyə nələri gətirdiyinin açıqlaması az olduğundan, xalq arasında onsuz da dəhşət olan bu qəzanın gətirdiyi fəlakətlərin sayı, dəyəri daha da artır, müxtəlif əhvalatlarla bəzədilirdi. Söz gəzirdi ki, radioaktiv dalğalar hətta, Sibirə də gəlib çatıb.
Qərara gəldik ki, Baysalın gəlişi münasibəti ilə yüngül stol açaq. Bizim otaq böyük olduğu üçün məsləhət oldu yığışaq bizim otaqda.
Açarı götürərək, inqa bizim otağı silib süpürmüş, biz gələnəcən ləzzətli yeməklər bişirərək, gözəl stol açmışdı. Dostlar yığıldı. Şənlik az qala səhərədək davam etdi. İnqa ilə Baysal qərar qəbul etdilər: sübh açılan tək zaqsa, evlənməyə ərizə verməyə!
Dostlardan birisi bir otaqlı boş mənzil tanıdığını bildirdi. Onun qonşuluğunda, bizdən bir az aralı, küçənin o biri üzündə yerləşən bu bir otaqlı ev kirayə verilir. Yaşayacaqlar orada. Növbə çatana kimi. Toy günü təyin olundu, bununla bağlı məsələlər həllini tapdı. O dövrlər hər şey sadəliklə yoluna qoyulardı, buna görədə bizim üçün hər iş asan idi. Səhər getdilər zaqsa.
Nigah ərizəsi verildi. Elə həmin gün Baysal bir otaqlı mənzilin sahibin tapdı, qabaqcadan kirayə haqqını ödədi. İki gündən sonra aldı açarı.
Toy günü yetişirdi. İnqa istəyirdi toy olmasın, ya da ki, az adamlı olsun. Ümumiyyətlə, istər Baysal, istər İnqa böyük yığıncaqları sevmirdilər. Toy gününə bir gün qalmış İnqa yaşadığı yataqxanada nəyi vardı, yığdı, yüklədik avtobusa, sonra Baysalın əmlakını yığıb gətirdik mənzillərinə.
İnqa öz zövqünə uyğun olaraq, mənzildə qayda yaradırdı, bunun üçün də bizə göstərişlər verir, biz isə zarafatlar altında onun göstərişlərini yerinə yetirirdik. Əmlakları sadə və az olduğu üçün əşyaları yerbə-yer etməyə çox da vaxt getmədi. Mənzil hazır idi. İnqa axşam üstü bir siyahı hazırladı, nə almaq, nə qədər almaq. Sabahısı günortaya yaxın hər şey hazır idi.
Adam çox deyildi, 10–15 nəfər dostlar, tanışlar yığıldıq. Qonaqlar həm institutdan, həm də hər iki iş yerlərindən gəlmişdilər.
Gözəl, xüdmani bir toy alındı. Olduqca şən və gözəl məclis idi. İnqanın gözəlliyi, incəliyi və Baysalın kişi kobudluğu — çopurluğu sanki, tamamlayırdılar bir-birini. İnqa Baysalla yan-yana oturmuşdu, Baysal yapışmışdı onun əllərindən. San ki, itirəcəyindən qorxurdu.
Bu gün Baysal da başqa cür görünürdü. Bu dəmir bədənli pəhləvan bu gün ilk dəfə yeriməyə başlayan və bunun üçün də hədsiz sevinən uşağı xatırladırdı.
Bir sözlə, bu gün kənar müşahidəçilərin gözündə Baysalla İnqa san ki, səadətin özü idilər ki, oturmuşdular yan-yana. Həmişə gözəlliyi ilə seçilən İnqa bu gün san ki, göylərdən yerə enmiş məleykə idi! Yalnız qanadları çatmırdı. Geyindiyi uzun ağ don ona çox yaraşırdı. Həmişə hörük etdiyi gözəl saçlarını bu gün çiyinlərindən aşağı tökmüşdü. Həmin o rəsmixətt dərsində olduğu kimi… Mənə mənzilin havası ağır gəldi. Binanın həyətinə qaçıb düşdüm.
Bu gün bir neçə dəfə İnqa gizlətməyə çalışsa da, qəşəng mavi gözlərinin yaşla dolu olduğunu görmüşdüm. Düşünmək, müşahidə etmək qabiliyyətini itirmiş şüurum onun qəşəng gözlərində parlayan bu göz yaşlarını gözəl gələcəklə bağlı arzuların, niyyətlərin, sevincin müşdəçisi tək qəbul edirdi.
Amma, əfsuslar! Həmin vaxt mən həyətdə tək-tənha oturanda İnqa arxamca düşdü. Onun mənə kədərli səslə söylədiyi, iki-üç kəlmə söz mənim həqiqətdən uzaq olmağım, necə deyərlər, ağı — ağ, qaranı-qara görə bilməməyim barədə ürəyimə az da olsa, qara şübhələr doldurdu.
İnqanın kədərlə dediyi bu iki-üç kəlmə, gec də olsa çatmalıydı qulaqlarıma. Bu sözlərdən sonra, onun taleyində ilk növbədə mənim atdığım bəzi səhv addımlarımın nə qədər rol oynadığını düşünməliydim. Amma, heyflər mən lazım gəldiyi qədər ciddi qəbul etmədim İnqadan gələn bu səsi! Bu ağır yük daş olub asılacaq günah tək qəlbimdən… Ürəyin qəmi gözləri kor edərmiş…
O gündən bu iki xatirini istədiyim insanlar taleylərini birləşdirdilər. Qoy ulu Tanrı bütün sevənlərə kömək olsun!
9-cu hissə
İkinci növbə işləyirdim, yay olsa da, çox soyuq, yağışlı hava idi. Sibir təbiəti öz şıltaqlığı ilə həmişə fərqlənir. Yayda qar yağmaq hadisəsi çox da təəcüb doğurmur. Son reysim idi. Bir dövrəm 1 saan 8 dəqiqə çəkirdi. Dayanacaqların birində, sərnişin düşüb-minməyi üçün dayandım. Bu dayanacaq, Baysal yaşayan evə yaxın rayonda idi. Qəfildən İnqanı gördüm. Elektrik dirəyinə söykənib, bir əlində zont, mənə əl edirdi, salamlaşırdı. Qoltuğunda boxca tutmuşdu. Axşam idi, yaxşı havada evdən çölə çıxmayan İnqa, bu soyuqda neynir belə gec? Tez düşdüm soruşum, bəlkə hadisə baş verib.
— Baysalı gözləyirəm, kurtkasını gətirmişəm qabağına. Bir köynəklə çıxıb evdən. Belə soyuqda soyuq dəyər!..
— Çoxdan gözləyirsən?
— Bir saat olar.
— Bəlkə, bir saat da gəlmədi?
— Nə olar! Gözləyəcəm. Belə havada bir köynəklə…
Nə qədər mənə xoş oldu bu sözləri eşitmək! Bu gözəl qayğının, xoş məramlı narahatçılığın şahidi idim.
Dövrəni başa vurdum. Artıq növbəm başa çatmışdı. Yol vərəqini bağladım. Yol aldım qaraja. Birdən yadıma İnqa düşdü. Düşündüm ki, yolda ola bilər hələ. Üzümü saldım bu küçə ilə. İnqa durmuşdu həmin yerdə. Dayandım bir qıraqda, qapını açıb içəri çağırdım. Soyuqdan əsə-əsə girdi içəri.
— Sən yolundan qalma, Azad. Get, mən gözləyəcəm.
— Otur, qızın bir az. Bir yerdə gözləyərik.
Hansı avtobus dayanacağa yaxınlaşırdı, İnqa qaçırdı baxmağa. Heç 20 dəqiqə keçmədi, Baysal düşdü dayanacaqda.
…Adi günlərdən biri idi. Payız təzəcə girmişdi. Dərslər bir neçə gün olardı ki, başlamışdı.
İşim birinci növbə idi. Artıq saatlara qalmaq istəmirdim, həm də maşında müəyyən təmir işləri görülməliydi deyə, növbəmi cədvəl üzrə başa vurdum və axşam üstü saat 5-ə yaxın girdim qaraja. Növbətci mexanikimiz təəccüblə,
— Səndən çıxmayan iş, bu gün tez yekunlaşmısan, — deyərək, maşını qəbul etdi.
— Biz paxıl deyilik. Qoy, başqalarının da imkanı olsun işləyib pul qazanmağa! — zarafatla cavab verdim.
Avtobusu sürdüm dayanacaq yerinə. Yol vərəqini dispetçerin pəncərəsinə ötürdüm. Çıxdım bayıra.
Baysal, həmişə gündüz işlədiyi üçün,saat 5-n yarısı, uzağı 5-də qurtarırdı işi. Mən qaraşdan çıxanda, onların briqadası artıq getmişdilər. İnsitutdan çıxanda onsuz da, görüşəcəkdik.
Gəldim evə, yuyunub «diplomat» adlanan çantamı götürüb çıxdım. O vaxtlar diplomatla gedirdik dərsə, moda belə idi. Həm də kitab-dəftərlər rahat otururdu ora.
Məktəbə adi marşurutla gedəcəkdim. Çıxdım dayanacağa. Bizim parkdan olan “İkarus” markalı avtobusa mindim. Sürücü tanış idi. Zarafatla:
— Piyadasan, Azad? Tələbəvozun bu gün dincəlir, deyəsən?
— Hə, bu gün sərnişinəm.
Dərs başladı, İnqa hələ yox idi."Yəqin, düşünüblər, mən avtobusla gedəcəm. Məni gözləyiblər və gecikiblər", — deyə düşündüm öz-özlüyümdə. Bu variyant mümkün idi, bir dəfə olmuşdu belə.
Bir saat keçdi, İnqa gəlmədi. Dərs qurtardı, dayanacağa çıxdım tezcə. Bəlkə, Baysal tək gəlib?
Xeyr, İnşaat institutunun tələbələri çıxdılar, tanış bir tələbə gördüm, yaxınlaşıb soruşdum:
— Baysal gəlməmişdiki dərsə?
— Yox, bu gün yox idi, — oldu cavab.
Bir neçə başqa tanış tələbələr də yaxınlaşdılar. Onlar da Baysalın bu gün dərsə gəlmədiyini dedilər. Başa düşüləsi iş deyildi. Mən bilən, oxuduğumuz birinci gündən
ilk dəfə idi ki, istər İnqa, istər, Baysal dərsə gəlməmişdilər.
Nə isə ürəyimdə böyük narahatçılıq əmələ gəlmişdi. Yəqin ki, nə isə baş vermişdi — amma nə, onu bilmirdim.
Onların yaşadıqları yer yolumun, demək olar ki, üstü idi. «Neftebaza» adlı dayanacaqda düşdüm, üz tutdum onların binalarına tərəf. Yoldan 300–400 metr məsafə idi. Evin yanına çatanda onların pəncərəsindən işıq gəlmədiyini gördüm. Saat 11 idi, bəlkə yatıblar, hər ikisi səhər işə gedəcəklər. Bəs onda instituta nə səbəbə gəlməyiblər, həm də, hər ikisi. Qalxdım 3-cü mərtəbəyə. Nə olacaq, oyansınlar. Qapını yavaşca döydüm.Cavab gəlmədi. Başladım bərk taqqıldatmağa. Xeyri olmadı. Yüz faiz əmin oldum ki, evdə heç kim yoxdur. Bəlkə, harasa qonaq gediblər?
Çıxdım binadan. Nə etmək olar, ayrı yol yoxdur əlaqə saxlamağa. Sabah görüşərik, bir şey bilərəm.
10-cu hissə
Səhərlər mənim işim tez başlayırdı. Saat beşə on beş dəqiqə qalmış qaraja getmək üçün növbətçi avtobusa otururdum. 5-də qarajda olurduq. Yol vərəqini, almaq, yağını yoxlamaq, yanacağını tökmək yarım saat vaxt alırdı.
Bu gün də elə həmişə olduğu tək erkən çıxdım evdən. Altının yarısı çıxdım qaraşdan. Maşını bir başa sürdüm Baysal gil qalan binanın qabağına. Çıxdım yuxarı. Qapını ehtiyatla döydüm. İçəridə səs gəldi. Qapını İnqa açdı. Gözlərindən ağladığı hüss olunurdu.
İçəri keçdim.
— Nə olub, İnqa? Hanı Baysal?
— Bədbəxtçilik baş verib bizə, Azad!
Dünən günortadan sonra işdə Baysalın başhərlənməsi olub. Xəstəxanaya getməyib. İcazə alıb gəlib evə. Bir-iki saat uzanıb, deyəsən yaxşı olub. Axşam hər ikisi insituta hazırlaşıblar. Evdən çıxmaq vaxtı Baysal hansısa tapşırığa bir də göz gəzdirmək məqsədi ilə dəftəri açıb baxmaq istəyəndə, qəfil burnundan qan açılıb, tökülüb dəftərin üstünə. Qayıdıb uzanıb divana. Alnına yaş dəsmal qoyub. Qan axımı kəsib. Bir saat uzanıqlı qalandan sonra ayağa durub, yenidən qan axıb. Təcili yardım çağırıblar. Saat 9-da gediblər xəstəxanaya. İnqa bütün gecəni orada olub. İndi gəlib.Xəstəxanaya bəzi şeylər aparmaq lazımdır.
Mən dəmir bədənli Baysalın səhhətinin pisləşməyini ürəyimdə dərhal Çernobıl səfəri ilə əlaqələndirdim. Artıq, Çernobıl dəstəsi ilə bağlı bu ikinci hadisə idi bizim qarajda. Bizim xətdə işləyən bir sürücü yoldaşımı bu günlərdə sürücülükdən azad edib keçirtdilər yüngül işə. Həmin yoldaş bircə ayın içərisində arıqlamış, sifəti isə sap-sarı olmuşdu. Həm də qüvvəcə çox zəif idi. O da Baysalla bir dəstədə olmuşdu.
Xəstəxanada görüş iki saat günorta, iki saat da axşam üstü olduğu üçün, indi getməyin mənası yox idi. Danışdıq ki, günorta gələcəm, gedərik xəstəxanaya.
Günorta xəstəxanada idik. Baysal özü çıxdı qabağımıza. Qucaqlaşdıq. Çalışırdı özünü gümrah göstərsin.
— Hə… belə işlər, qardaş. Baysal da tanıdı xəstəxananın yolunu, — Üzünü tutdu İnqaya, — sən gərək qardaşımı işindən etməyəydin.
— Deyəsən, fikrin bizi qorxutmaqdı sənin. Burax belə işləri.
— İnanın, ilk dəfədir yatıram xəstəxanada.
— Necəsən, danış, görək.
— Üc dəfə sistemə qoşdular, hansısa mayeni yeritdilər canıma. İndi əlayam. Dünən başı aşağı çox işlədim, ona görə oldu bu işlər. Günah özümdədir. Fasiləsiz iolaraq, iki avtobusda şitləri dəyişdim. İki saat yarım, üç saat başı aşağı durmaq çətin işdir.
Baysal bir müddət xəstəxanada qaldı. Gündə gəlib gedirdim. Ümumi səhhəti yaxşı görünsə də, mən onun sifətində hansısa sarı rəngin izi əmələ gəldiyini görürdüm. Dostum ümumiyyətlə qarayağız insan idi. Yəqin, olsaydı ağ bədənli, bu sarı rəng özünü daha tez biruzə verərdi.
Bir gün xəstəxananın görüş zalında oturmuşduq, İnqa yanımızda yox idi. Baysal mənə dedi:
— Bilirsən, Azad, nəyə heyfislənirəm — İnqayla evlənməyimə! O gözəl insanı bədbəxt etdim… Ömrüm qırıla bilər.
— Olan işdir, hər şeyi faciyəyə çevirmə. Nə olar insan xəstələnər. Sizdə hər iş əla olacaq. Sən inan, yalnız inan!
— Mən belə başa düşdüm ki, ciyərlərim, böyrəklərim pis vəziyyətdədir. Hətta, beynim də şüalanmanın izini saxlayıb özündə.
— Hər nə olsa da, müalicə yolu var ki!
— Müalicə yolu var, edirlər də. Bəlkə də mənim səhhətim yaxşı olacaq. Amma, uşağımız da olmaya da bilər.
— Sən özünü az qorxut, bilirsən ki, ən ilk müalicə sənin özünün daxili inamındır, Baysal! Nikbin ol!
— Yaşayaq, baxarıq.
Bir neçə gündən sonra xəstəxanadan çıxdı. Gümrah görünürdü. Amma, Baysalı da keçirtdilər yüngül işə, yüngül iş cədvəlinə.
İnsan qayğıkeşliyinin sərhədi olmaya da bilərmiş! Siz görəydiniz İnqanın Baysala göstərdiyi qayğını! Hansı arzunu, istəyi Baysal dilinə gətirməyə bənd idi ki, dərhal yerinə yetirsin. İşdən əlavə qalan bütün vaxtını yalnız ona qulluq etməyə həsr etmişdi…
Vaxt gedir, günlər keçir, həftələr bir-birini əvəz edirdi. Baysalın gün-gündən zəifləməyini, səhhətinin pozulmuş olduğunu daha görməmək mümkün deyildi. Onun anadan gəlmə qarayağız olmağı indi üzünün saralmasını gizlədə bilmirdi. Bundan əlavə, arıqlamağı da göz qabağında idi. Bu güclü insan hər şeyi başa düşsə də, ruhdan düşmürdü.
— Qərara gəlmişəm: sabahdan başlayıram köhnə işimə — idman zalında fəaliyyətə. Gərək, elə gələn gündən məşğul olaydım. Ona görə də məni axşamlar görmək istəsən, gələrsən ora.
Mətbəxdə oturub çay içirdik. İnqa yox idi, deyəsən, mağazaya getmişdi.
— Düz edirsən, yoxsa, təmiz tənbəl olub getmisən.
— İkicə ay məşğul olum, qayıdacam həmin formaya. İdman böyük qüvvədir, qardaş.
–Əla fikirdir, konkret nə ilə məşğul olmaq fikrin var?
— Elə hər şeylə. Ştanq, turnik, nə var hamısı ilə.
— Əlbətdə, lazımdır. Tez də düzələcəksən. Axı, sən idmançısan.
Bir neçə gün keçdi. Hər ikisi qonağım idilər, mənim otağımda oturub söhbətləşirdik. İnqa Baysalın yanında dayanıb, bizə qulaq asırdı.
— Biabırçılıqdı, qardaş. Tam yadırğamışam idmanı.
— İdmanı necə yadırğamaq olur?
–Əvvəllər qaldırdığım ştanq yükünün yarısını qaldırıram indi!
Baysal danışanda nəzərim onun masanın üstündə çarpazladığı əllərinə düşdü. Bir vaxtı polad olan barmaqlar, pələngi xatırladan pəncələr indi arıqlamış. uzunlaşmış, sanki sənətkar bir pianinoçunun əllərinə çevrilmişdi. Baysal baxışlarımı görüb, sanki, utandı. Əllərini götürdü stolun üstündən.
— Amma, artıracam ştanqı. Özümə söz vermişəm, günə 5 kilo artıq qoyacam. Sən ki, tanıyırsan məni!
Əllərinə nəzər saldığıma görə peşiman oldum.
11-ci hissə
Sabah 7 noyabr idi. Dövrümüzün ən böyük bayramına hazırlıq gedirdi. Bütün bu böyük ölkə bayram donuna bəzənmişdi. Hər il 7 noyabr günü bizləri hansısa müəssisələrə təhkim edərdilər. Səhər 8-də avtobuslar yğılardı zavodların, fabriklərin qabağına. Gözəl və yaraşıqlı geyimlər geyinən fəhlələr, idarə işçiləri əllərində bayraqlar, ala-bəzək şarlar, şüarlar dolardılar avtobuslara. Aparardıq o biri sahilə. Nümayişlər həmişə orada olurdu. Nümayiş qurtaranda, həmin vətəndaşları yenə qaytarardıq götürdüyümüz yerə. Bu dəfə mən biirdim ki, məni zavoda təhkim ediblər.
Axşam Baysalla İnqaya təklif etdim ki, gəlim sizin dalınızca, oturub gedırsiz mənlə. İnqa:
— Yox, mən öz kollektivimizlə gedəcəm. Kim nə aparacağı danışılıb. — dedi.
Təklifimi Baysal da qəbul etmədi:
— Mənsə getməyəcəm bu il nümayişə. İdman zalı boş olmağından istifadə edəcəm. Gedəcəm məşqə. Yoxsa, gəlirsən, gözlə, kim nə boşaldacaq.
İndi, illər keçib, düşünürəm: heç olmasa, 7 noyabrda onu özümlə nümayişə apara bilsəydim, görəsən qisməti nə olacaqdı?
Səhər tezdən gəldik zavodun meydançasına. Gözəl geyimli, əllərində al-əlvan şarlar və şüarlar tutan insanlar doldular avtobuslara. Getik lazım olan meydana. Hər şey lazım olunan tək keçdi. Xalq gözəl əhvali ruhiyyə ilə nümayişi qurtardılar. Sərnişinlərimizi düşürüb gəldik parka. Avtobusu öz yerinə qoydum, yol vərəqinə qeydlər edib gətirdim dispetçerə. Yol vərəqini verib aralanmaq istəyirdim ki, dispetçer:
— Dayan, Azad! — dedi, — Zəng edib, sənə bildirməyimi xahiş etdilər ki, dostun düşüb xəstəxanaya. Xəstəxana — filan, şöbə — filanıncı!
— Kim idi zəng edən, demədi ki?
— Qadın idi, deyəsən, ağlayırdı…
Evə getmədim. Nəsə hadisə olduğunu hiss edirdim.
Üz tutdum xəstəxanaya. Bu gün bayram günü idi, və ona görə də xəstəxana sanki, boş idi. Çərrahiyə şöbəsinin qəbul otağına girdim, qəbul saatı olmadığı üçün bura bağlı idi. Getdim növbətçi oturan yerə.
— Bağışlayın mənə bura təzə daxil olmuş bir xəstə barədə məlumat verə bilərsinizmi? Adı bu, famili — bu.
Baxdı dəftərə.
— Bəli, buradadır. Palata 7. Bu gün onun yanına düşə biləcəyinə güman yoxdur.
— Niyə, bilmək olarmı?
— Qərar qəbul etsələr əməliyyat olacaq. Onurğa sistemində zədə!
Onurğa! Beyin kütləsi bədənin kompyütoru, onurğa onun dayağı. İlahi, kömək ol hamıya!
Qapını açıb çölə çıxdım. Bir az gəzişmişdim ki, İnqanı gördüm. Bu gün gördüyüm İnqa dünən gördüyüm insan deyildi! Bu günkü gündə, bircə günün içində nə qədər dəyişmişdi, qocalmışdı, səsi xırıldayırdı. Yuxarıda imiş, xəstənin otağında.
Bircə ifadəsini başa düşə bildim:
— Belini sındırıb! — İnqa hönkürüb ağlayırdı.
Bu iki kəlmə məni sanki, kəsdi ortadan! Bu pis xəbər üstəgəl İnqanın ağlamağı, mən dözə bilmədim, asılı olmayaraq göz yaşlarım axdı. İki cavanın burada boyun-boyuna verib göz yaşları tökməsi heç kimi təəcübləndirə bilməzdi. Bura xəstəxananın həyəti idi…
Hadisə idman zalında baş verib. Çox güman ki, Baysal ştanqa qaldıra biləcəyindən ağır olan yük qoyub. Qaldıra bilməyib, ya büdrəyib, hər nə olubsa, ştanq düşüb üstünə.
İki insanın onsuz da ağır olan həyatında daha ağır günlər başladı. Radiaktiv şüalanmanın güclü təsirinə məruz qalmış bədən bu zərbədən sonra sağalmaq, ayağa qalxmaq şansını endirdi sıfıra. Həkimlərin müalicə məqsədi ilə bir ay çalışmaları onunla qurtardıki, Baysalı uzanıqlı vəziyyətdə gətirdik evə. Qalxmaq, gəzmək imkanını itirmiş bir insan nələr düşünürdü ürəyində? Bir vaxtları klubda böyük skameykanı əlində çöp kimi fırladaraq bir qoşunun üstünə yeriyən pəhləvan bədən bu gün alt paltarını özü dəyişə bilmirdi. İgid insanın, mərd dostun, etibarlı və sevimli ərin final nöqtəsi bu idimi…
Yodaşlarla tez-tez gedirdik Baysala baş çəkməyə. İstirahət günləri isə gün üzündən orada olardıq. Çalışardıq onların bu çətin həyatlarına bacardığımız qədər müxtəliflik gətirək. Həm də,İnqaya kömək üçün Baysala nəsə verməyə, qulluq etməyə çalışırdıq.
Nə qədər desək də, İnqa insitutu atdı.
— Kim qulluq edəcək Baysala? Mən necə atıb gedə bilərəm dərsə!
— Mən köməkçi taparam!
İş yerimizdə bir süpürgəçi qadın vardı. Olduqca xoş xasiyyət, mehriban bir insan idi. Mən onunla danışdım, müəyyən əmək haqqı almağı şərti ilə razılaşdı həftənin 4–5 günü günortadan sonra Baysala qulluq etməyə. Xərcini mən götürürdüm üstümə. İnqa razılıq vermədi ki, vermədi.
— Nə lazım, özüm qulluq edəcəyəm!
— Axı, köməkçi olsa, sən dərsə gedə bilərsən, İnqa!
— Azad, yox! Bir də yox!
Yanvar ayının sonu çatırdı. Bazar günü idi. Yenə gəlmişdim Baysala baş çəkməyə. O yandan — bu yandan danışdıq, durub getmək vaxtı çatdı. Ayaqqabımı geyinirdim ki, hıçqırq eşitdim. İnqa mətbəxdə ağlayırdı. Mən yaxınlaşdım, barmağını dodaqlarının üstünə qoydu, yəni:"Sakit dur, heç nə demə!"Yəni, onun ağladığını Baysal bilməsin. Ürəyimdə dünyaya və özümə söyə-söyə çıxdım bayıra…
Marşurutumda işləyirdim. Dünən onlara gedə bilməmişdim. Saat 10–11 radələri olardı, qrup yoldaşım, İnqanın rəfiqəsi girdi salona. Sürücü ilə salon arasında olan şüşə arakəsmədə açılan pəncərə vardı. Açdım pəncərəni, yaxınlaşıb salamlaşdı.
— İnqa xəstəxanaya düşdü! — dedi.
— Necə xəstəxanaya? Nə olub?.
Sən demə, İnqa 7 ayın içindəymiş. Neçə vaxt varmış ki, ağrıyırmış. Dünən ağrı güçlənib, aparıblar xəstəxanaya. Oradan yataqxanaya zəng edib, rəfiqəsini çağırıb.
— Axşam və bu səhər baş çəkmişəm, İndi bir iki lazımı əşyalar var, götürüb yenə gedəcəm xəstəxanaya.
— Görəsən, həkimlər nə deyr? Uşaq barədə nə düşünürsən?
— Uşaq barədə bir məlumatım yoxdur. Yəqin bu gün bilərəm. Amma, düşünürəm ki, uşaq qalmayacaq. itirəcək uşağı. İnqa özü də bilir.
Axırda əlavə etdi.
— Mən evə gedirdim. Yolumu dəyişib bura gəlməyimi İnqa xahiş etdi. Səni xəbərdar etməyimi istəyirdi.
Günorta yeməyinə ayrılan vaxtı getdim doğum evinə. Məni tək görüşməyə gələnlər, cavanlar, yaşlılar dolu idi. Hamı pəncərə vasitəsi ilə əlaqə saxlayırdılar. Doğum evinə kənar şəxsin girməyi qadağandır. Mən də dayandım pəncərə ilə üzbə-üz. Palatanın yerini bilirdim. Pəncərəyə üzümü tutdum, çağırdım. Qonşu otaqdan kimsə boylandı. İşarə ilə xahiş etdim ki, qonşu otağı çağırsınlar. Bir az keçmiş İnqa gəldi pəncərənin qabağına. Balaca gözlüyü açdı. Yerdən ikinci mərtəbə ilə danışmaq çox asandır, elə bil, yan-yana durursan Amma biz danışa bilmədik. Daha doğrusu, mən danışırdım, İnqa nədənsə dönmüşdü heykələ.
— Salam, İnqa!
Əli ilə salamlaşdı.
— Necəsən?
–… sükut!
— Həkim nə deyir?
–…
— Nə vaxt gəlim dalınca, səni aparım?
–…
Mən də susdum.
İnqa şüşəyə yapışmışdı. Ağlayırdı.
— Ağlama, İnqa…
–…
Sinəmdən “ah!”lar çıxdı:
— Yalvarıram… ağlama…
–…
Yalvarış dolu baxışlar nəsə danışırdı…
12-ci hissə
İşi başa vurub tələsik getdim Baysal gilə. Qapını açdım, girdim içəri.
— Salam, işlər nə yerdədir?
— Yaxşı ki, gəldin, Azad! Bilirsən nə gəldi başımıza?
Dedim:
— Bilirəm. Narahat olma, hər şey yaxşı olacaq.
— Yazıq İnqa! Görəsən necədir? Bir baş çəkməyin pis olmazdı, bəlkə nəsə kömək lazımdır.
— Getmişdim, bir dəyişiklik yoxdur. Rəfiqəsi də yanındadır. Narahat olma, lazım olsa, mənə xəbər edəcəklər.
— Heç olmasa İnqanın işləri yaxşı olaydı, uşaq son ümidimdir.
Gecənin ortasınacan oturdum. Baysalın yeməyinə kömək etdim. Onun narahatçılığı
çatmışdı son həddə. Saat 3 olardı, durdum ayağa.
— Gedirsən? — dedi. Gözlərində təşviş gördüm.
Ürək ağrısı götürdü məni. Pəhləvan tərpənişli bir insanın bu günə düşməyini görmək nə qədər ağır idi! Neynəmək olardı.
— Mən gedim, sən narahat qalma, səhər açılsın, sənə xəbər gətirəcəyəm, — deyərək çıxdım
— Gözləyəcəm, — arxadan zəif səsini eşitdim.
Sabahın açılmasına az qalmışdı. Dan yeri sökülür, üfüqlər rəngini dəyişərək tədricən qızarırdı.Təsadüfü maşınlarla iş yerinə gəlib çıxdım. Avtobusu götürüb xəttə çıxmalıydım. Fikrim dispetçerlərlə danışıb 2–3 saat icazə almaq, doğum evinə dəymək, sonra Baysalı görmək idi. Dispetçer qızları dilə tuta bildim.
"Doğum evi yəqin ki, onsuz da bağlıdır". — düşündüm. Gəldim yataqxanaya. Bu gecəni heç beşcə dəqiqə yatmamışdım. Birinci dəfə deyildi ki! Yuxusuz gecələri hiss etdirməyən gözəl anlarım çox olmuşdu. Amma, indi səbəb başqaydı. Gənc orqanizm üçün bir gecə yatmamaq necə də asan imiş!
Əl-üzümü yudum. Çaydanı doldurub qaynatdım. Çay içib çıxdım. Saat 9 olardı ki, doğum evinin qarşısında dayandım. Bəzi pəncərələrdən işıq gəlirdi.
— İlahi, heç olmasa İnqanın vəziyyəti yaxşı olsun, uşaq barədə çətinliklər olmasın. Yazıqdırlar hər ikisi.
Yaxınlaşdım ki, girəm içəri, arxadan səslədilər. İnqanın ən yaxın rəfiqəsi idi. Salamlaşdıq.
— Sabahın xeyir, — dedim.
— Sabahın xeyir, — cavab verdi.
— Gedək görək, Taley kimi verib bizim dostlara!
— Çox sevinməyə dəyməz, Azad. Məyus edici xəbər var… — rəfiqəsi az qala ağlayacaqdı.
— Nə olub, nə məyusluq?
— Dünən axşam üstü mən burada idim. İnqanın uşağı ölü doğuldu.
— İlahi, bəla niyə tək gəlmir insana! — Mənim azərbaycan dilində dediyim bu sözlər haray tək, şəhərin təzə açılan səhərinin sakitliyində əks-səda verdi.
Rəfiqəsi dilləndi:
— İnqa evə getmək istəyir, indi buraxacaqlar, aparaq evə.
Bir az keçmiş, bənizi saralmış İnqa rəfiqəsinin qolunda çıxdı çölə. Bir vaxtları gözəlliyi ilə seçilən, daxili gücü ilə başqa qızlardan fərqlənən İnqanı tanımaq olmurdu. Onun arıqlamış, saralmış üzünə iztirab yazılmışdı, kədər yazılmışdı. Özümü itirmişdim, söz tapa bilmirdim. Qolundan tutub oturtdum salona.
–
Özündə güc tap, inqa! Sənə yaşamaq lazımdır, — dedim.
Mənə sıxıldı, nəsə demək istədi, göz yaşları imkan vermədi. Salondan çölə qaçdım. Mənə çətin oldu İnqanın yanında dayanmaq, tab gətirə bilmədim!
Gətirdim evlərinin həyətinə.
— Siz gedin, — dedi. — Mən özüm deyəcəm Baysala! Siz çıxın gedin,mənim əzizlərim! — Amma, sən, — üzünü rəfiqəsinə tutdu, — günortayacan hökmən gəl bizə, bir az köməyin lazım olacaq.
13-cü hissə
Fevralda Baysal köçdü dünyadan. Həyatdan aldığı zərbələrə dözə bilməyən bədən daha tab gətirə bilmədi, məchul bir gücə təslim oldu. Baysalın həyatdan getməyi dost-tanışları qəmgin etsə də, gözlənilməz olmadı. Onun günü-gündən sap-sarı saralmağı, qurumağı hamını çoxdan hazırlamışdı belə finala.
Dostlar, iş yoldaşları yığıldıq. Son mənzilə yola saldıq cavan bir insanı…
19 yaşlı qarı — bəli, mən səhv salmamışam — 19 yaşlı bir qoca qarı söykənmişdi mənə. Dilsiz-ağızsız, yalnız inildəməyə gücü çatan heysiz. bədbəxtliyə düçar bir neçə aya qocalmış qız-qarı…
İnqa özünə gələ bilmirdi. Saatlarla susur, bəzən verilən suala cavab vermirdi. Kimlərsə incimişdi, İnqanın susmağını saymamazlıq tək qəbul edənlər də olmuşdu. Axı, daxilində dağ boyda dərdi gəzdirən bir insanın həmsöhbət olmağı, gülümsəməyi asan idimi? Onun hər baxışı, hər «ah» çəkməyi yalvarış idi, köməyə çağırış idi. Mənim üçün çox ağır idi bütün bunların şahidi olmaq.
— Belə olmaz, İnqa! Ayrıl dünənindən, özünü ələ al. Danış bizimlə, çıx gəz bizimlə, başını qat. Bütün ömrün qabaqdadır.
Xeyri yox idi sözlərimin!
— Məni qorxudursan, İnqa! Mən bacarıqsızam sənin qarşında!
Başını tərpədir, “hə”, “yox”, “bilirəm” deyir, amma heç nə dəyişmirdi.
Nə etmək lazım olduğunu isə bilmirdim. Yemək üçün ona alınan nə olsa da əl vurmurdu. Vursa da, mənim xahiş və tələblərimə son qoymaq xatirinə bir azacıq.
Bir aydan artıq keçmişdi ki, İnqa üçün təcili yardım çağırmaq lazım gəldi. Feldşer müayinə edə-edə:
— Nə yemisən? — dedi.
— Heç nə…
— Haçan, heç nə?
— Bilmirəm!
Biz də bilmirdik.
İndi İnqanın vəziyyəti çətin idi. Təzəcə ailə həyatına qədəm qoyan gənc qadının aldığı aramsız zərblər, ər itgisi, ilk uşağının itgisi onu az qala dəli olmağa gətirib çıxarırdı. Nə qədər çalışsaq da, inqanı evdən bayıra çıxarmaq, nəyləsə başını qatmaq mümkün deyildi. Vaxtilə dünya gözəli adına layiq sayıla biləcək bir qız, indi, sözün həqiqi mənasında quru cəsədi xatırladırdı. Onun xarici görkəminin nə dərəcədə dəyişməsini sözlə ifadə etmək çətin məsələydi. Nə yeyirdi, bilən yox idi. O qədər ağlamışdı ki, göz yaşları yox idi, səsi də ki yalnız pıçıltı idi.
Arada iki dəfə bayıra çıxara bildim, amma, köməyi olmadı. Qrupumuzda adam qalmamışdı, hamısını İnqanın yanına gətirmişdim. Düşünürdüm, dost-tanışları görmək bəlkə ona ruhi dəstək ola, qəm-kədəri unutdura. Heç nə dəyişə bilmədim. Dərd məni götürmüşdü, nə edəcəyimi bilmirdim.
Axır bu qərara gəldim ki, anasını çağırım. Bilirdim ki, anası xəstədir, elə varlı da deyil. Məsləhətləşib, aviapoçta ilə bir məktub yazdıq, vəziyyəti başa saldıq. Hər ehtimala qarşı, ona 75 manat da pul göndərdik. Əgər yol pulu olmasa, istifadə etsin.
Haradasa, 10–12 gün keçmiş, anası gəldi. 40–42 yaşlı, arıq, amma gözəl, orta boylu bir qadın idi. İnqanın bu vəziyyətini görəndə az qaldı dəli osun.
— Mən dünya gözəli böyüdüb yola salmışdım, boylu-buxunlu, gözəl həyata layiq. Nə görürəm, Allah! Qayıdaq, qayıdaq öz evimizə, bala. Sənə yaşamaq lazımdır.
İki-üç gün idi, Zina xala gəldiyi. Üçüncü axşam dərs in biri olmadığı üçün institutdan tez çıxdıq. Belə qərara gəldik ki, İnqaya baş çəkək.
Bir xeyli oturduq onlarda. Anası istəyirdi İnqa qayıtsın evlərinə. Amma, nə vaxt ki, anası İnqanın onunla qayıdıb getməyi barədə bir söz deyəndə İnqa dəli olurdu. Bircə ifadəni təkrar edirdi:
— Yox! Yenə, yox!
Xeyli oturduq, artıq dağılışmaq vaxtı idi. Evə getməyə hazırlaşdım ki, anası da mənimlə qalxdı ayağa, çıxdı çölə.
— Mümkünsə, 10 dəqiqə dayana bilərikmi?
— Buyurun, əlbətdə! — dedim.
— Azad, oğlum, belə başa düşürəm ki, sən İnqanın xatirini çox istəyirsən, ona pis həyat arzulamazsan? — Zina xala sanki ağlayacaqdı!
— Bu nə sözdü, Zina xala! Əgər İnqanın sevincinə səbəb ola biləcək hansısa bir yol bir səbəb tanısaydım, inanın nəyim var verməyə hazır olardım.
— Elə bir yol var! — Zina xala dedi.
— Deyin, Zina xala. Məndən nə asılıdırsa, edəcəm.
— Mənə kömək et. İnqanı yola gətirək. Sən görürsən onun düşdüyü vəziyyəti. Hanı bir il qabaqkı İnqa? Bir dəri, bir sümük, belə getsə pis olacaq, çox pis olacaq işlər.
Bu həqiqət idi.
— Azad, səni demirəm, bu diyarda İnqanın başqa heç kimsəsi yoxdur. Körpəsini itirib, həyat yoldaşı sağ deyil. Bu dərddən, bu dəhşətdən onu aralamaq lazımdır. İnqa səni öz yaxını sayır. Bu üç gündə sənə necə inandığını, güvəndiyini gördüm. Sənə qulaq asır, sənə güvənir. Kömək et, kömək et, xilas edək mənim qızımı!
Arvad ağlayırdı.
— Getsin, bircə illiyinə getsin. Hətta, yarım il olsun. Sağalsın, dərddən azad olsun, yenə qayıtsın!
Mən indi başa düşdüm Zina xalanın məqsədini. Bu insan Anadır, övladını xilas etmək istəyir! Nə olar, bəlkə də belə yaxşıdı. Yarım il, bir il İnqa üçün kömək olardı.
— Bilmirəm, İnqa mənə qulaq asacaqmı, nə dərəcədə mənim sözüm keçəcək, bilmirəm. Amma, İnqa icazə verdiyi qədər başa salmağa çalışacam, xahiş edəcəm, inanın!
— Bax, sabah saat neçədə gələ bilərsən?
— İstəyirsiniz nahar fasiləsində, istəyirsiniz, axşam 5-də.
— Gəl, oğlum, gəl. 5-də gəl. Naharda gəlsən, tələsərsən.Gəl işdən sonra, 5-də. Gəl başa salmağa çalış. Mən neynəyim, bala, gücüm çatmır.
Mən söz verdim.
— Başa düşdüm sizi, hökmən gələcəyəm!
Olduqca qəmgin halda xudahafizləşib getdim.
İnqanın çıxıb buradan getməsi iki tərəfli və ağır sual idi. Bir tərəfdən, əgər, qəlbimin dərinliyində axtarış aparsaydım, yəqin ki, görərdim ki, İnqanın anası ilə getməsini mən istəmirəm! Mənim üçün əziz olan bir insanın, dostun çıxıb getməsi ağır idi, istəmirdim mən bu ayrılığı!
İndi bu günümdən o illərə mən başqa müstəvidən baxıram. O vaxtlar çox suallara indinin, yəni 30 il sonranın baxışları ilə baxmaq qeyri mümkündür. Bir də ki, hər bir insanın hərəkətini başa düşməyin ən yaxın yolu, o insanın qəlbini görmək, ürəkdə yaşanan səbəbləri başa düşməyə çəhd etməkdir.
Bu, sualın bir tərəfi, qaldı, ikinci tərəfi.
İkinci tərəfdə isə, İnqanın yaxşı yaşamaq şansı, bu ağır dərdin-bəlanın dərin izlərini unutdurmağa şərait yaratmaq imkanı durmuşdu.
İnqanın, bu gözəl və cəsur qızın yenidən ayağa durmağı üçün onun bu yerlərdən uzaqda olmağı lazım idi. İnqa dəyişməliydi mühitini, ətrafını. Yoxsa, belə getsəydi, bir neçə ay keçməmiş İnqanın həyatı sona çatacaqdı…
Uzun görünsə də, bir il tez keçəcəkdi…
Səhərisi günü, axşam üstü gəldim onlara. İki nəfər idilər, rəfiqəsi — qrup yoldaşımız, bir də İnqa özü. Anası yox idi. Yəqin ki, istəyib ki, biz rahat danışa bilək. Ona görə, gedib harasa.
Salamlaşdıq.
— Necəsən, İnqa? Çöldə yazdır, sən qapanıb oturmusan! Quşlar oxuyur, dur gedək, qulaq asaq.
— İstəmirəm, qoy mənsiz oxusunlar.
— İnqa…
— Bilirəm, nə deyəcəksən! Mən getmək istəmirəm.
— Mənim ilk sözüm çölə, təmiz havaya çıxmaq məsləhəti oldu. Sən çölə, bayıra çıxmaq istəmirsən. Sən getmək istəmirsən. Axı bizə də demirsən nə istədiyini!
Diqqətlə mənə baxdı. Dəyişməyən, yalnız gözlər idi, baxışlar idi.
— Azad, mən sənə inanıram və tam etibar edirəm. Ona görə də bir sual verəcəm sənə. Bu sualı rəfiqəmə də vermişəm: Sən mənim bu şəhərdən, sizin həyatınızdan silinib getməyimi istəyirsənmi? Azad istəyirmi İnqanın getməyini?
Bəli, sual olduqca düz-düzünə qoyulmuşdu, cavabı da elənçi olmalıydı. İnqa sual verməyi bacarırdı.
— Mən sənin yenidən gülməyini istəyirəm. Get evinizə, qoy həyatında yeniliklər yaransın.
— Axı, mən getsəm ən qiymətli nəyim var, burada qalır, siz burada qalırsınız. Bir də ki, həyat mənim gözümdə qiymətini çoxdan itirib. Yaşamağım, yaxud, yaşamamağım mənim üçün vacib rol oynamır.
— Ona görə də, dəyiş həyatının dəyərlərini. Səni dərd çəkən görmək bizə ağırdır. Get, 5–6 ay qal evinizdə, özünə gəl.
— Məni başa düşürsənmi, Azad? Axı, nələri itirdiyimi bilirsən! Çıxıb getsəm, demək, sizi də itirirəm. Mən bacarmayacağam, sən məni başa düşürsənmi, nə deyirəm?
— Bilirəm, İnqa! Nə demək istədiyini bilirəm!
— Bəs onda necə “get!” deyirsən?
— Doğma evinizdə yaşa bir az, səhhətin qaydaya düşsün, sonra gələrsən. Nə vaxt istəsən əlaqə yarada bilərsən bizimlə. Anana yazığın gəlsin. Bizə də yazığın gəlsin! Bayaq sual verdin: Azad istəyirmi İnqanın getməyini? Sualına sualla cavab verəcəm: inqa istəyirmi Azadın dərdinin azalmağını, ürəyinin yükünün yüngülləşməyini? İnqa görmürmü Azadın bu ayları nələr çəkdiyini?
İnqanın əllərini aldım əlimin içinə:
— Mən sənə bir söz də deyəcəm, İnqa! Bilmirəm, bəlkə də, yeri deyildi. Səndən ayrılmaq mənim üçün ən böyük cəzalardan biridir! İndiyə kimi itirə-itirə gəlmişəm! Bilirsən ki, indi daha da ağır olacaq mənə! Amma, deyirəm: get! İstəyirəm, rahat yaşya biləsən bir müddət, özünə inamın qayıtsın. Mən sənin yenidən özünü gözəl qız olan İnqa olmağını hiss etməyini istəyirəm. Mən istəyirəm, bir vaxtı rəsmixətt dərsində gözəl saçlarını çiyninə tökmüş həmin İnqanı görüm!
Mənim söylədiyim bu uzun nitq, o cümlədən, rəsmixətt dərsini yada salmağım İnqanı tam dəyişdirdi. Gülümsəməyi çoxdan yadırğamış üzündə bir sevinc hissi yarandı.
— Sağ ol, Azad! — deyə bildi. Göz yaşları yayılmış üzündə təbəssüm yarandı.
Birdən başını dik qaldırıb mənə baxdı. Xəyallarında nəyisə araşdırırdı. Sual vermək istəyirdi, baxışlarından görünürdü.
— O vaxt saxladığın şəkil… dururmu həmin şəkil?
— Durur!
— Niyə onda, o vaxtları sən heç nə demədin mənə? Niyə o şəkildəki qızın sənin həyatın üçün yox olduğunu, şəkilin yalnız xatirə olduğunu demədin? Niyə sən məni başa salmadın? Axı, sən bilməliydin..!
— Mən düşünürdüm ki, sən başa düşmüsən, İnqa! Kədərimi, fikirlər çəkdiyimi görürdün. Yoxun yasını saxlayırdım və düşünürdüm ki, sən bilirsən! Yadındamı, sən mənə qəmlənməməyi məsləhət edirdin?
— Mən bilmirdim şəkil sahibinin yoxluğunu. Mən bir axşamı, sənin otağında şəkili görüb bir neçə dəfə söz saldım. Hər dəfə mövzunu dəyişdin, şəkili də götürüb gizlətdin… Danışmaq istəmədin! Aylar, illər!.. İlahi! Niyə sən məni onda başa salmadın?
Və ağladı. Həm də ucadan. Sınmış taleni, ərini, uşağını, itirilmiş illəri ağlayırdı. Bu göz yaşları həm də gizlincə ürəkdə yaşayan, çalışıb — çapalayıb çıxmağa çalışsa da, sinədən kənara çıxa bilməyən bir nakam məhəbbətə ağı deyirdi… Bu haraya dözmək mümkün deyildi.
Göz yaşları içində nəsə pıçıldayırdı. Sinəmdə, beynimin içində hər şeyin bir-birinə qarışdığı üçün heç nə eşitmirdim…
O axşamı çox danışdıq. Bəzi söhbətlərdə, xatirələrdə uzaq dünyalara keçdik, xatirələr neçə qəmli-qadalı, gah da şirin çağları atdı ortaya…
Epiloq
Perronda sərnişin vaqonu ilə üzbə üz dörd nəfər gənc dayanmışdı. Onların qəmli baxışları vaqonun kupesində pəncərə önündə dayanan gənc qıza yönəlmişdi. Gənc qız pəncərənin şüşəsinə yapışmışdı. Perrondakı dörd nəfərdən biri çöl tərəfdən pəncərəyə yaxınlaşdı, nəsə demək, zarafat edib ağırlığı yüngülləşdirməyə cəhd etdi. Baş tutmadı. Danışa bilmədi, sözləri qırıq — qırıq alındı. Əlacsız vaqona söykəndi, az qala şüşəyə yapışdı. Qızın yorğun üzünə baxdı, nəsə demək istədilər bir — birinə,deyə bilmədilər. Sükuta daldılar. Qəfildən qızın nazik dodaqları titrəməyə başladı, və birdən hönkürüb ağladı…
Qapılar bağlandı, qatar ürəklərdəki həyacanı son həddə qaldıran bir siqnal verdi, yola düşdü.
— Mən qayıdacam, hökmən qayıdacam! — qışqırdı gənc qız.
— Altı ay nədir ki! — gənc dilləndi ürəyində, san ki, özü-özünə ürək verirdi.
…Bu səfər nə qədər çəkəcək…
Qatar yola düşən tək, İnqanın rəfiqəsi, qrup yoldaşı Azada bir dəfdər ötürdü.
— Bu nədir? — Azad sual verdi.
— İnqa verdi, sənə çatmalıdır.
Bu əzilmiş, bir azca da saralmış vərəqlərdən ibarət dəftər idi.
İnqanın hər gün qeydə aldığı, bəzisi bir — iki cümlədən, bəzisi isə vərəqin yarısını tutan hər bir xatirəsinin üstündə sərlövhə yerində iki parça olmuş ürək şəkli vardı. Sol parça alov içində, sağ parça isə bir az aşağı, aralı, sanki küsmüş vəziyyətdə idi. Hər səhifənin sonunda isə baş-başa dayanaraq qanadlarını qaldırmış iki quşun şəkli qoyulmuşdu. Quşlar san ki, uçmağa hazır vəziyyətdə, nəyisə gözləyirdilər. Bu səhifələrdə sevinc kədərlə, arzular məyusluqla, gülüş — göz yaşları ilə, məhəbbət nakamlıqdan parçalanan ürəyin fəryadı ilə üz-üzə dayanmışdı…
Приведённый ознакомительный фрагмент книги Qəm yağışı предоставлен нашим книжным партнёром — компанией ЛитРес.
Купить и скачать полную версию книги в форматах FB2, ePub, MOBI, TXT, HTML, RTF и других